RƏHBƏRLİK
RƏHBƏRLİK

Hidayət Kaviz oğlu Abdullayev
Milli Paralimpiya Komitəsinin prezidenti

Hidayət Kaviz oğlu Abdullayev
Milli Paralimpiya Komitəsinin prezidenti
Hidayət Kaviz oğlu Abdullayev 1979-cu ildə Gəncə şəhərində anadan olub.2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə Odlar Yurdu Universiteti ilə birgə Corciya (ABŞ) Dövlət Universitetinin təşkil etdiyi Biznesin idarəolunması fakültəsinin Beynəlxalq biznes ixtisası üzrə magistr dərəcəsini alıb.1997-ci ildən Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində müxtəlif vəzifələrdə, 2007-ci ildən “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin icraçı direktoru, 2008-ci ildən sığorta və bank sistemində, eləcə də bir neçə xarici ölkədə sığorta və tibbi risklərin idarəolunması sahələrində çalışıb.2011-ci ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin Nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib.2018-ci ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri, 2018-ci ilin dekabr ayından hazırkı vəzifəsinə qədər Nazirliyin Aparatının rəhbəri olub.2020-ci ilin aprel ayının 1-dən bugünədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışır.2023-cü ilin iyul ayının 24-də Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Növbədənkənar Ümumi Yığıncağında Milli Paralimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilib və hazırda Komitənin prezidentidir.

Fuad Hacı oğlu Hacıyev
Milli Paralimpiya Komitəsinin vitse-prezidenti

Fuad Hacı oğlu Hacıyev
Milli Paralimpiya Komitəsinin vitse-prezidenti
Fuad Hacı oğlu Hacıyev 27 yanvar 1962-ci ildə Qazax rayonunda anadan olub.1984-cü ildə M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1994-cü ildə ali siyasi təhsil alıb – Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (hazırkı Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyası) fərqlənmə diplomu ilə bitirib.İdmanla məşğul olduğu müddətdə karate üzrə yaşıl kəmərə layiq görülüb. Karate üzrə SSRİ-nin birincisi olub. Ali təhsilini başa çatdırdıqdan sonra istehsalatda mühəndis-texnoloq işləyib, Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində, müstəqillik dövründə Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətində məsul vəzifələrdə işləyib. 2006–2015-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2015-ci il Sərəncamı ilə Fuad Hacı oğlu Hacıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilib.Fuad Hacıyevin gənclərlə iş sahəsində səmərəli fəaliyyəti, bədən tərbiyəsi və idmanın inkişafında müstəsna xidmətləri olub. Bu xidmətləri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən nəzərə alınaraq, 2 mart 2015-ci il tarixli Sərəncamı ilə gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətinə görə, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni, 11 fevral 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə ”Şöhrət” ordeni ilə təltif olunub.Gənclər və İdman Nazirliyinin Kollegiya üzvü, eləcə də Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüdür. 2023-cü ilin iyul ayının 24-də Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Növbədənkənar Ümumi Yığıncağında Milli Paralimpiya Komitəsinin vitse-prezidenti seçilib.

İlham Əzizağa oğlu Zəkiyev
Milli Paralimpiya Komitəsinin vitse-prezidenti

İlham Əzizağa oğlu Zəkiyev
Milli Paralimpiya Komitəsinin vitse-prezidenti
İlham Əzizağa oğlu Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıt şəhərində anadan olub.1995-ci ildən cüdo ilə məşğul olmağa başlayıb. 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfdən atılan snayper gülləsinə tuş gələrək görmə qabiliyyətini tamamilə itirib.
İ.Zəkiyev 2002-ci il noyabr ayının 1-dən paralimpiya komandası sıralarında məşqlərə başlayıb. 2004-ci ildə Afinada keçirilən XII Yay Paralimpiya Oyunlarının və 2008-ci ildə Pekində keçirilən XIII Yay Paralimpiya Oyunlarının qalibi olub. 2012-ci ildə London XIV Yay Paralimpiya Oyunlarının, 2021-ci ildə Tokio XVI Yay Paralimpiya Oyunlarının, 2024-cü ildə Paris XVII Yay Paralimpiya Oyunlarının bürünc medalçısı, üç qat dünya çempionu və yeddi qat Avropa çempionudur. Bakı şəhərində keçirilən ilk 2015 Avropa Oyunlarının qalibi və IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır.İki dəfə “Şöhrət” ordeni, “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası”, “Qızıl çinar” beynəlxalq mükafatı, “Tərəqqi” medalı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.2023-cü ilin iyul ayının 24-də Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Növbədənkənar Ümumi Yığıncağında Milli Paralimpiya Komitəsinin vitse-prezidenti seçilib.

Toğrul Tahir oğlu Rəhimov
Milli Paralimpiya Komitəsinin baş katibi

Toğrul Tahir oğlu Rəhimov
Milli Paralimpiya Komitəsinin baş katibi
Toğrul Tahir oğlu Rəhimov 1980-ci ildə Bakı şəhərində anadan olub.Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili almış T.Rəhimov 2000-ci ildən əmək fəaliyyətinə başlayıb.O, 20 ildən çox dövlət və özəl sektorda mühüm vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.2024-cü ilin iyun ayının 5-dən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin baş katibidir.
KOMİTƏ ÜZVLƏRİ
KOMİTƏ ÜZVLƏRİ

Jalə Fərhad qızı Əhmədova
Jalə Fərhad qızı Əhmədova 23 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub.Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bakalavr, Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini magistr dərəcəsi ilə bitirib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə bitirib.Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, baş məsləhətçi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində baş zabit- hüquqşünas vəzifələrində çalışıb. AR Milli Məclisinin VI çağırış deputatı olub. Hal-hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışır.Dünya Alpaqut Federasiyasının prezidentidir. 2023-cü ilin iyul ayının 24-də Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Növbədənkənar Ümumi Yığıncağında Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin üzvü seçilib.

Ramilə Rasim qızı Mahmudova
Ramilə Rasim qızı Mahmudova 1981-ci ildə Gədəbəy rayonunda anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetində ali təhsilin bakalavriat səviyyəsini bitirərək “fizika” ixtisasına, 2007-2008-ci illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda əlavə təhsilə cəlb olunaraq “Riyaziyyat-informatika” ixtisasına, 2017-ci ildə isə Azərbaycan Turizm və Menecment Universitetində təkrar ali təhsil alaraq “Sosial iş” ixtisasına yiyələnib. 2008-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildən Abşeron rayonu Xırdalan şəhər B.Y.Cəfərov adına 3 nömrəli məktəb-liseydə pedaqoji fəaliyyətlə məşğul olur. 2008-2018-ci illərdə “Əlilliyi Olan Şəxslərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin sədri olub, 2018-ci ildən isə həmin təşkilatın əsasında fəaliyyət göstərən “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyinin sədridir. 2021-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü və katibidir. Əhalinin sosial baxımdan həssas qruplarının, o cümlədən əlilliyi olan uşaqların sosial-hüquqi müdafiəsi, sosial xidmətlərə cəlb olunması və inklüziv təhsil imkanlarının artırılması üzrə ictimai əhəmiyyətli layihələrin icrası sahəsində layihə rəhbəri və ekspert kimi 15 ildən çox iş təcrübəsinə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06.03.2023-cü il tarixli Sərəncamı ilə ölkəmizin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 2023-cü ilin iyul ayının 24-də Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Növbədənkənar Ümumi Yığıncağında Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin üzvü seçilib.