TARİXÇƏ

TARİXÇƏ

Azərbaycan Paralimpiya hərəkatının yaranma tarixi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yenidən ölkəmizin rəhbərliyinə qayıdışından sonra yaranmış ictimai-siyasi sabitlik dövrünə təsadüf edir.

1996-cı ildə fevral ayının 9-u ölkəmizin idman səlnaməsinə Azərbaycan Respublikası Milli Paralimpiya Komiitəsinin yaranma tarixi kimi daxil olub. Həmin gün Milli  Paralimpiya Komitəsinin təsis konqresi keçirilib.

İlk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsi 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında iki idman növü üzrə iki idmançı ilə iştirak edib. Ümummilli lider Heydər Əliyev ilk dəfə Paralimpiya Oyunlarına yola düşən paralimpiyaçılarımızla görüşərək onlara uğurlar arzulayıb.

2000-ci il Sidney Yay Paralimpiya Oyunları ərəfəsində Ümummilli Lider Heydər Əliyevin paralimpiyaçılarımızın yolasalma mərasimində iştirak etməsi və Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmançılarımızla görüşməsi, həmin ərəfədə Ümummilli Liderin paralimpiyaçılarımız üçün Sumqayıt şəhərində beynəlxalq standartlara cavab verəcək Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında tapşırıq verməsi ölkəmizin paralimpiya hərəkatında qələbələrə təkan verdi.

Həmin dövrdən ölkəmizdə paralimpiya hərəkatı daha sürətli inkişaf yoluna qədəm qoydu. Bunun başlıca səbəbi, hazırda Heydər Əliyev kursunun layiqli davamçısı olan ölkə başçısı cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi oldu. Onun gəlişi ilə Azərbaycan idmanının fəth etdiyi zirvələr göz qabağındadır. Bu mənada paralimpiyaçıların da diqqətdən kənarda qalmaması, onlara daim diqqət və qayğının artması özünü yarışların nəticələrində əyani göstərir. Təsadüfi deyil ki, cənab İlham Əliyev çıxışlarından birində özünü paralimpiyaçıların ən yaxın dostu adlandırıb.

2008-ci ilin avqust ayının 28-də Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdman Kompleksinin açılış mərasimi keçirilib. Xüsusi qeyd etmək lazımdır ki, MDB məkanında ilk dəfə olaraq paralimpiyaçılar üçün belə bir kompleks beynəlxalq standartlara uyğun şəkildə tikilərək istifadəyə verilib. Açılış mərasimində cənab Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib.

Paralimpiyaçılarımız daim öz üzərlərində ölkə başçısının diqqət və qayğısını hiss edib. Müntəzəm olaraq, qələbə qazanmış idmançılarımız, məşqçilərimiz Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunub.

İndiyədək ümumilikdə 8 dəfə Yay Paralimpiya Oyunlarında təmsil olunan Azərbaycan Milli Paralimpiya Komandası 23 qızıl, 19 gümüş və 15 bürünc medal qazanıb.